“Periodik sərhəd şərtli yüksək tərtibli diferensial operatorların spektral xassələri” mövzusunda seminar
23 may 2023-cü il saat 14:30-da Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada növbəti elmi seminar keçirildi. Seminarda Xəzər Universitetinin professoru, f.-r.e.d. Nazim Baxış oğlu Kərimov “Periodik sərhəd şərtli yüksək tərtibli diferensial operatorların spektral xassələri” mövzusunda məruzə etdi.
Bildirildi ki, son illərdə requlyar olan, lakin güclü requlyar olmayan sərhəd şərtlərinə malik adi diferensial operatortların spektral xassələrinin tədqiqi geniş vüsət almışdır. Məruzəçi potensial kompleks qiymətli cəmlənən funksiya olduğu halda cüt tərtib diferensial ifadənin və requlyar olmayan periodik sərhəd şərtlərinin doğurduğu diferensial operatorun spektral xassələri ilə bağlı öncə alınan nəticələr haqqında geniş məlumat verdi. Sonra baxılan diferensial operatorun məxsusi ədədlərinin kompleks müstəvidə paylanması, məxsusi və qoşulmuş funksiyalar sistemini strukturu, məxsusi və qoşulmuş funksiyalar sisteminin Lebeq fəzalarında bazislik xassələri haqqında müəllif özünün aldığı nəticələri geniş şərh etdi.